Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 yaşı tamam olur
10.08.2020 11:05
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 yaşı tamam olur

Bu gün görkəmli iqtisadçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 yaşı tamam olur.

Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Laçın rayonunun Xumarta kəndində anadan olub. O, 1946-1950-ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə kənd 7 illik məktəbində təhsil alıb. 1953-1956-cı illərdə Azərittifaqın Bakı Kooperativ Texnikumunda oxuyub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İqtisad fakültəsini fərqlənmə diplomu ilə başa vurub, gənc mütəxəssis kimi Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilib. Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışıb. Hazırda müəssisənin Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinə rəhbərlik edir.

Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini, 1977-ci ildə isə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Görkəmli iqtisadçı alimin еlmi fəaliyyəti son dərəcə səmərəli və çoxşaxəlidir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan demoqraf alim kimi tanınıb. Keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadi və demoqrafik aspektlərinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır. Alimin “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” adlı monoqrafiyası 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilib.

Şahbaz Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı və ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999) və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008), habelə “Azərbaycan Respublikasının məşğulluq Strategiyası” (2006-2015) işlənib hazırlanıb və ölkə rəhbəri tərəfindən təsdiq edilib.

O, Azərbaycan iqtisadiyyatı sahəsində 650-yə yaxın əsərin, monoqrafiya, kitab, dərslik və proqramın müəllifidir. Ş.Muradovun “Azərbaycan SSR kənd təsərrüfatında qadın əməyi və ondan səmərəli istifadə edilməsi məsələləri”, “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi problemləri”, “Azərbaycan SSR-nin əmək ehtiyatları: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər”, “İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər”, “Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər” (Azərbaycan, rus və ingilis dillərində), “İş qüvvəsinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi”, “Müttəfiq respublikaların əhalisi”; “Əhali sakinliyi və demoqrafik siyasət problemləri”, “Postsosialist cəmiyyətdə sosial siyasət: vəzifələr, ziddiyyətlər, mexanizmlər”, “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” və s. kitabları və başqa bu kimi bir çox əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb.

AMEA-nın müxbir üzvü Şahbaz Muradov Rusiya, Ukrayna, Belarus, Gürcüstan və bir sıra başqa ölkələrdə keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan iqtisad elmini uğurla təmsil edib.

İqtisadiyyat elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində AMEA-nın müxbir üzvü Şahbaz Muradovun xüsusi xidmətləri var. Onun rəhbərliyi altında 100-dən artıq fəlsəfə və elmlər doktoru yetişdirilib.

Şahbaz Muradov YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” üzrə Milli Komitənin üzvü, AMEA Xəbərləri “İqtisadiyyat” seriyasının baş redaktoru, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya şurasının üzvüdür.

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, çoxsaylı orden və medallarla, o cümlədən ölkə başçısının Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na  layiq görülüb.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: