Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi aparılıb
24.09.2020 16:46
  • A-
  • A
  • A+

“Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi aparılıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən yaradılmış “Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim İsmayılov, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda Nazim İsmayılov təqdimatla çıxış edərək Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına əsasən “Geodeziya və Kartoqrafiya” MMC-də Dilçilik İnstitutunda hazırlanmış Milli Transliterasiya Sistemi əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradıldığını diqqətə çatdırıb. O, bazaya daxil edilən 4590 yaşayış məntəqəsi arasında yazılışı şübhə doğuran bəzi adların dəqiqləşdirilməsinin lazım olduğunu qeyd edib.

Akademik Ramiz Məmmədov coğrafi toponimlərin düzgün yazılışının rus dilindən yox, birbaşa Azərbaycan dilindən tərcümə və transliterasiya edilməsinin, düzgün hazırlanmış Azərbaycan xəritəsinin elektron variantının rəsmi saytlarda yerləşdirilməsinin və beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, əgər bu baza yaradılıb geniş istifadəyə verilərsə, hər hansı bir coğrafi toponimin təhrif edilməsinin, bədxah qonşularımız tərəfindən bu adların ermənicə izahının qarşısı alınmış olar. Eyni zamanda bildirilib ki, bu iş böyük həcminə və aktuallığına, eləcə də uzunmüddətli istifadəsinə görə mərhələlərlə həyata keçirilməlidir.

Bundan əlavə, bazanın səmərəliliyini artırmaq məqsədi ilə birgə işləmək üçün Coğrafiya, Tarix və Dilçilik institutlarının mütəxəssislərindən ibarət komissiyanın yaradılması təklifi irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: