Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Pənah Muradovun 60 yaşı tamam olur
01.10.2020 11:38
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Pənah Muradovun 60 yaşı tamam olur

Bu gün tanınmış mikrobioloq alim, Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovun 60 yaşı tamam olur.

Muradov Pənah Zülfüqar oğlu 1 oktyabr 1960-cı il tarixində Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Mikrobiologiya İnstitutunun Bitki substratlarının biokonversiyası labaratoriyasında baş laborant kimi fəaliyyətə başlayıb. P.Muradov 1985-1988-ci illərdə aspiranturada təhsil alıb. Mikrobiologiya İnstitutunda kiçik elmi işçi (1989), qrup rəhbəri (1991) kimi fəaliyyət göstərib, laboratoriya müdiri (1993), elmi işlər üzrə direktor müavini (1995) təyin edilib və 2020-ci ilin may ayınadək bu vəzifədə çalışıb. Hazırda direktor vəzifəsini icra edir.

1989-cu ildə “Mikrobiologiya” ixtisasında biologiya üzrə fəlsəfə, 2004-cü ildə isə elmlər doktoru dissertasiyasını müdafiə edib, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Muradov hazırda həmin şuranın sədr müavini, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası”, Qazaxıstan Elm və Texnika Komitəsinin “Mikrobiologiya və virusologiya”, Həştərxan Dövlət Universitetinin “Elm xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, 2020-ci ildən isə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının üzvüdür.

Alim dəfələrlə müxtəlif xarici ölkələrdə keçirilən nüfuzlu elmi tədbirlərdə respublika elmini ləyaqətlə təmsil edib, onun elmi rəhbərliyi ilə biologiya üzrə 27 fəlsəfə, 3 elmlər doktoru, 10 magistr hazırlanıb. Hazırda onun rəhbərliyi ilə 2 fəlsəfə və 3 elmlər doktorluğu dissertasiyası yerinə yetirilir.

P.Muradovun əsas elmi fəaliyyəti hidrolitik təsir tipinə malik olan fermentlərin aktiv produsentlərinin axtarılması, ksilotrof makromisetlərin ferment sisteminin xarakterik xüsusiyyətlərinin aydınlaşdırılması, aqrar sektorda əmələ gələn tullantıların utilizasiyası metodlarının hazırlanması kimi problemləri əhatə edir. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsində ksilotrof makromisetlərdə hidrolitik təsir tipinə malik fermentlərin sintezinin təbiəti və sintez olunmuş fermentlərin hüceyrə xaricinə sekressiyası prosesləri, eləcə də yeməli göbələklərin intensiv üsulla becərilməsi prosesində onların fermentativ aktivliyində baş verən dəyişikliklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirən dəyərli məlumatlar əldə edilib, bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız texnologiya” prinsipinə uyğun istifadəsinə imkan verən mikrobioloji üsul işlənib hazırlanıb, Azərbaycan təbiətinə xas mikobiota üçün onlarca yeni növ müəyyənləşdirilib, göbələklərin "Qırmızı Kitab" obyekti kimi tədqiqinə başlanıb və hazırda qorunması vacib olan göbələk növləri müəyyən edilib.

Alimin indiyə kimi 250-dən çox elmi əsəri dərc edilib ki, onlardan biri monoqrafiya, 2-si kitab, 4-ü müəlliflik şəhadətnaməsidir. Elmi əsərlərin 130-a yaxını nüfuzlu, o cümlədən “Web of Sciense”, “Scopus”, “AGRIS” və s. kimi bazalara daxil olan nəşrlərdə çapdan çıxıb.

P.Muradov mikrobiologiya elminin inkişafındakı uğurlarına görə iki dəfə AMEA-nın Fəxri fərmanına layiq görülüb.

AMEA-nın müxbir üzvü Pənah Muradovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: