www.science.az
08.10.2020 10:53

Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Oxucu günü” keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Oxucu günü” keçirilib.

Tədbirdə kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək bildirib ki, muxtar respublikamızda həyatımızın digər sahələri ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti üçün hərtərəfli lazımi şərait yaradılıb. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və oxucularla əlaqələri barədə məlumat verərək bildirib ki, bu gün “oxucu və kitab” daha çox aktuallıq kəsb etdiyindən kitabxana işçilərinin də üzərinə böyük vəzifələr düşür.

Yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsində oxucuların sayının əvvəlki illərlə müqayisədə bir neçə dəfə artdığını vurğulayan Sahab Əliyeva bildirib ki, mütaliəyə marağın artırılması, oxuculara kitabların sevdirilməsi baxımından fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsini keçirir, oxuculara belə kitablardan yararlanmağı məsləhət görürük. Məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində sorğu anketləri paylanılıb. Oxucular kitabxananın xidmətlərindən razılıqla yanaşı, öz təkliflərini də qeyd ediblər.

Sonda kitabxananın müdiri təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.