Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Latın dili haqqında” kitabın I cildi çapdan çıxıb
21.10.2020 16:32
  • A-
  • A
  • A+

“Latın dili haqqında” kitabın I cildi çapdan çıxıb

Qədim Roma alimi Mark Terensi Varronun “Latın dili haqqında” adlı kitabının I cildi Azərbaycan dilində nəşr olunub.

Kitabı Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova ingilis dilindən tərcümə edib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi fil.e.d. İlhami Cəfərsoy, rəyçiləri fil.e.d., professor Aslan Məmmədli və fil.e.d. Sevinc Əliyevadır.

Qədim Romanın ən görkəmli alimi hesab olunan Varron (e.ə. 116-27) demək olar ki, bütün elm sahələrinə aid əsərlər yazıb. “Latın dili haqqında” (“De lingua latina”) adlı əsər 25 kitabdan ibarət olub və latın dilinin bütün xüsusiyyətlərini əks etdirmək məqsədilə yazılıb. Ancaq əsərdən yalnız 6 kitab (V-X kitablar) dövrümüzə qədər gəlib çatıb. Bu cildə daxil edilən V-VII kitablar latın dilindəki sözlərin etimologiyasına həsr olunub.

Müəllifin fikrincə bu sözlərin böyük hissəsi latın mənşəli sözlər olsa da, burada qədim yunan, etrusk və sabin dilindən alınmış xeyli miqdarda sözə də təsadüf olunur. Əsərin ən maraqlı cəhətlərindən biri burada bir çox qədim Roma müəllifinin yaradıcılığından nümunələrin verilməsidir.Kitab qədim Romada latın dilinə həsr olunmuş əsas əsər olmaqla, bu dilin öyrənilməsi və araşdırılması üçün mühüm mənbə təşkil edir.

Əsər “Latın dili haqqında” adlansa da, yalnız latın dili haqqında yox, qədim Roma tarixi, mədəniyyəti, dini, etnoqrafiyası və ədəbiyyatı barədə də məlumatlarla zəngindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: