www.science.az
17.11.2020 12:29

Azərbaycanın ən qədim sivilizasiya beşiyi

Azərbaycanın qədim və zəngin sivilizasiya beşiyi olan Qarabağ bölgəsində azərbaycanlıların doğuluş və yaşam həqiqətlərini özündə ehtiva edən yüzlərlə tarixi abidələrimiz vardır.

Bu abidələrdən biri də Azərbaycanın ən qədim yaşayış mərkəzi olan Quruçay sivilizasiya mədəniyyət kompleksi və Azıx mağarasıdır. Dünya miqyasında qədimliyinə görə bir neçə yaşayış mərkəzləri sırasında yer alan Azıx mağarası xalqımızın maddi-mənəvi mədəniyyət kompleksi olmaqla bərabər, həm də qədim mənəviyyat simvolu, mədəniyyətimizin ilk beşiyidir. 

Azıx mağarası 1960-cı ildə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq bu yaşayış məskənindən 350-400 min illik tarixi olan bir insanın alt çənə sümüyü aşkar edildi. Arxeoloqlar onun 18 yaşlı bir qadına məxsus olduğu qənaətinə gəldilər. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasında araşdırmalar daha da geniş vüsət aldı. Çox keçmədən mağarada Paleolit dövrünə və Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Aparılan tədqiqatlar nəticəsində bu əmək alətlərinin 1-1.5 milyon il əvvələ aid olduğu sübut olundu. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü tapıntıdır. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloji tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.

Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km məsafədə olan Quruçay ərazisində yerləşdiyi üçün bu qədim yaşayış kompleksi "Quruçay mədəniyyəti" adlandırılır.

Bəzi mütəxəssislərin elmi fikirlərinə görə, ayı bu mağara sakinləri üçün müqəddəs hesab olunduğu üçün, mağaranın adı da bununla əlaqələndirilib, qədim türk dillərində "azıx" - "ayı" adı verilib.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1993-cü ildən etibarən, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi ərazi erməni faşistləri tərəfindən işğal olunub, bu işğal faktından istifadə edən ermənilər Azərbaycanın bu mədəniyyət mərkəzində arxeoloji və mədəni saxtakarlıq həyata keçirərək erməniləşdirmə təşəbbüslərinə cəhd ediblər. İşğaldan sonra Azərbaycan alimlərinin bu mağarada apardığı tədqiqatların qarşısına sədd çəkən ermənilər, hətta Avropa ölkələrindən arxeoloqlar dəvət edərək bu yaşayış məskəninin erməni ünsürlərinə aid olduğunu sübut etməyə çalışıblar. Bununla da azərbaycanlıların ən qədim yerli etnos olma haqqına şərik çıxaraq, ermənilərin Cənubi Qafqazın guya qədim yerli etnos olduğunu sübut etməyə can atıblar.

Qeyd olunduğu kimi, 1999-2001-ci illərdə Azıx mağarasında, ermənilər tərəfindən qanunsuz həyata keçirilən bu qazıntılara xarici ölkə alimləri də cəlb edilmişdi. Qanunsuz qazıntılara ermənilər tərəfindən Ermənistan Milli Elmlər Akademiyasının əməkdaşı Levon Yepiskopyan rəhbərlik etmiş, Avropa ölkələrindən isə Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo, Patrisiyo Dominqes və İzabella Torres, İrlandiyadan isə Con Myurri və digər şəxslər isə bu qazıntılarda iştirak etmişdi.

Təəssüf hissi ilə qeyd edək ki, Azıx mağarasında qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə yardımın da Avropa fondları ayırmışdı. Bu qanunsuz qazıntılara British Airways/British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society böyük maliyyə dəstəyi vermişdi.

Ermənilər öz xarici elmi havadarları ilə birlikdə Azıx mağarasında bu arxeoloji tədqiqatları sonrakı illərdə də davam etdirərək, hətta 2016-cı ildə "Azokh Cave and the Transcaucasian Corridor - 2016" ("Azıx mağarası və Transqafqaz dəhlizi - 2016") adlı kitabın çapına nail olmuşlar. Nəşr olunan bu kitabda Azıx mağarasında tapılmış bütün arxeoloji maddi və mənəvi mədəniyyət nümunələri saxtalaşdıraraq erməniləşdirilmiş, bu sivilizasiya dünyaya erməni mədəni yaşayış kompleksi kimi təqdim olunmuşdu.

Erməni alimi Ş.Mkrtçyan Qarabağın tarixi memarlıq abidələrinə həsr etdiyi əsərində qeyd edir ki, guya Azıx mağarasında Aşel dövrünə aid erməni qadınının heykəli var və onun hətta paltarı da müasir erməni qadınlarının paltarına bənzəyir.

Arxeoloq - alim, professor Əsədulla Cəfərov isə Azərbaycanın arxeoloji abidələrinə həsr etdiyi əsərində erməni aliminin bu fikrlərinin elmi cəfəngiyyat adlandıraraq yazır: "Bu fikir heç bir elmi əsası olmayan cəfəngiyyat olmaqla bərabər, tarixin əsassız olaraq saxtalaşdırılmasıdır. Belə bir fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini Aşel dövründə (550-350 min il bundan əvvəl) axtarmağa can atır. Birincisi, Azıx qədim insan düşərgəsində qadına bənzər heykəl yoxdur. Ş.Mkrtçyanın heykəl adlandırdığı isə mağarada olan stalaqnat dirəklərdən biridir. Azıx düşərgəsinin ikinci ən böyük salonunda olan nəhəng stalaqnat dirək əhəngli suyun qarışığından, təbii yolla təxminən 2 milyon il bundan əvvəl əmələ gəlib. Bütün təbii karst mağaralarında belə dirəklərə və ayrı-ayrı stalaqnat daşlara rast gəlinir. Azıx düşərgəsinin ayrı-ayrı salonlarında belə dirəklər daha çoxdur. İkincisi, Aşel dövründə heç bir yerdə müasir insanın əcdadı yaşamayıb. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli ibtidai adamlar yaşayıb, heç bir millət və xalq olmayıb".

Dəfələrlə Azərbaycanın müvafiq rəsmi qurumları tərəfindən beynəlxalq təşkilatların kürsülərindən ermənilərin bu qanunsuz əməllərinə qarşı ciddi etirazlar olunsa da, ermənilər öz riyakar əməllərini davam etdirmişlər. Hətta 2016-cı ilin noyabrında Azərbaycanın Xarici İşlər Nazirliyi Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu, Qarabağ bölgəsinə qanunsuz daxil olduqları üçün "qara siyahı"ya daxil edib.

2016-ci ilin 28 noyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə bəyan edib ki, "Bu kimi qanunsuz fəaliyyətlərinə görə İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryusun adları "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilib. Həmçinin, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir".

Qeyd edək ki, Azıx mağarasında aparılan bu qanunsuz tədqiqatlara qarşı Azərbaycanın müvafiq elmi qurumları da hərəkətə keçmiş, istər beynəlxalq səviyyədə, istərsə də regional səviyyədə mövcud elmi sübutlar əsasında ermənilərin və onların havadarlarının bu qanunsuz əməllərini ifşa etmişlər. 2002-ci ildə Beynəlxalq "İNTAS-2000" proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley olmaqla Bakıya gəlmiş, çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olaraq, bu tapıntıların dünya arxeologiya, paleoantologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qəbul etmişlər.

Bu işlərin davamı olaraq 2018-ci ilin oktyabr ayında AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunmuş "Azərbaycanda Azıx mağarası və miqrasiya axınları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Ondan çox xarici ölkənin və beynəlxalq elmi qurumun təmsil olunduğu konfransda fakt və maddi-mənəvi sübutlarla bir daha bu qədim sivilizasiyanın Azərbaycana məxsus olduğu təsdiqlənib.

Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində Qarabağ bölgəsində erməni işğalçılarına qarşı başlatdığı irimiqyaslı əks-hücum əməliyyatı erməni simasızlığını və vəhşiliyini bir daha üzə çıxartdı. Bu dəfə işğalçı faşistlər Azərbaycanın qədim mədəniyyət mərkəzini silah-sursat anbarına çevirdilər. Bu addımları ilə erməni ünsürləri dünyaya erməni sivilizasiyası kimi təqdim etməyə çalışdıqları "erməni mağarası"nı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymaqdan belə çəkinmədilər. Bu davranış ermənilərin nə qədər vandal və barbar bir xalq olduğunun əyani sübutudur.

Məlumdur ki, dövlətimizin ən qürurverici bayramlarından biri olan 9 noyabr Bayraq Günündə Azərbaycanın qədim sivilizasiyasının beşiyi olan Azıx mağarası şanlı Azərbaycan Ordusu tərəfindən düşmən əsirliyindən azad olundu və mədəniyyət mərkəzinə üçrəngli bayrağımız sancıldı. Bununla da uzun illər boyu erməni ünsürlərinin və onların elmi havadarlarının Quruçay mədəniyyət kompleksində, Azıx mağarasında apardığı qanunsuz, saxta tədqiqatlar, bu tədqiqatlar nəticəsində nəşr olunan yüzlərlə elmi əsərlər tarixin arxivinə gömüldü. Artıq qədim sivilizasiyamızın beşiyi hörmətli alimlərimizin ixtiyarındadır. Biləyinizə və qələminizə qüvvət dəyərli arxeoloq və tarixçilərimiz! Qədim dövlətçilik və sivilizasiya beşiyimiz sizi gözləyir!

Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

"525-ci qəzet"