Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.11.2020 14:57
  • A-
  • A
  • A+

Şuşa Qafqazın konservatoriyası, Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir

Şuşa Qafqazın konservatoriyası, Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir

Qüdrətli Azərbaycan dövləti yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində xalqımızın ən ağrılı problemi həll olunub, torpaqlarımız işğaldan azad edilib. Bu, tarixi nailiyyətdir, Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması missiyasıdır.

Qarabağa qayıdış yalnız əraziyə qayıdış demək deyil. Əzəli Azərbaycan torpaqlarına qayıdış tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə, ənənələrimizə sahib çıxmaqdır. Mənfur düşmən işğal etdiyi ərazilərdən Azərbaycan izini silmək istəyirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev düşmənin cinayətkar əməllərinə obyektiv qiymət verib: “Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

Möhtərəm Prezidentimizin iradəsi, cəsarəti xalqımızın ən böyük arzusunu reallığa çevirib. Ali Baş Komandan status-kvonu dəyişdirib, tarixi ədaləti bərpa edib. Dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində buna hazırlaşıb, işğal edilmiş torpaqların geri qaytarılması üçün gecəsini günüdüzünə qatıb, qüdrətli bir dövlət qurub. Ölkə rəhbərinin özünün də qeyd etdiyi kimi, biz yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplamışıq. İlk növbədə iqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bugünkü qələbəmizi əldə etmək mümkün olmazdı. Qələbənin təmin edilməsinin ən mühüm amillərindən biri də ulu öndərin qurub yaratdığı, onun siyasi varisinin güclü, qüdrətli Silahlı Qüvvələrə çevirdiyi Azərbaycan Ordusudur. O ordu ki, onun döyüş qabiliyyətindən, qəhrəman əsgər və zabitlərindən indi bütün dünya danışır.

Şuşa uğrunda aparılan diplomatik mübarizə, döyüşlərdəki qəhrəmanlıq nadir tarixi hadisədir

Hələ ötən ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verən dövlətimizin başçısı bir il sonra Türkiyənin “A Haber” televiziyasına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” deməklə xalqımızın ən böyük probleminin birdəfəlik həllində qətiyyətli olduğunu bütün dünyaya nümayiş etdirmişdi.

İşğaldan azad edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər, qəsəbə, kənd bizim üçün doğmadır, dəyərlidir. Ancaq ölkə rəhbərimizin də dediyi kimi, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır.

Şuşa Prezident İlham Əliyev üçün həmişə qırmızı xətt olub. Müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. Ona görə də dövlət başçısı yuxarıda qeyd etdiyimiz müsahibəsində bildirmişdi ki, “Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

Xilaskar Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz Şuşanı işğaldan azad etməklə xalqımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Şuşa zəfəri İkinci Qarabağ savaşının dönüş nöqtəsi oldu. Bundan sonra Ermənistan ağ bayraq qaldırdı və kapitulyasiya aktını imzaladı. Göründüyü kimi, Şuşa həm də buna görə əhəmiyyətli idi. Şuşa uğrunda aparılan diplomatik mübarizə, döyüşlərdəki qəhrəmanlıq nadir tarixi hadisədir. Azərbaycan xalqı bu xoşbəxtliyi bizə yaşadanları heç vaxt unutmayacaq, onları əsrlər sonra da böyük minnətdarlıqla xatırlayacaqdır.

Şuşa Qarabağın inzibati-siyasi mərkəzi olub

Azərbaycanın tarixində xüsusi yeri olan Şuşa şəhərinin əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. 1755-ci ildə Qarabağ xanlığının paytaxtı Şahbulaq qalasından ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad adlandırılan Şuşa qalasına köçürülüb.

“Qarabağın incisi” adlandırılan Şuşanın bir şəhər kimi formalaşması XVIII əsrin ortalarından başlayıb və üç mərhələdən keçərək XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər davam edib. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə şuşalıların sonralar “Aşağı” adlandırdıqları “Təbrizli” hissəsi salınıb. Bu hissədə “Çuxur”, “Qurdlar”, “Culfalar”, “Seyidlər”, “Quyular”, “Hacı Yusifli”, “Merdinli”, “Qazançalı” və “Çöl qala” adlandırılan 9 məhəllə var idi. 1823-cü ildə Qarabağ xanlığının rus məmurları tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri” adlı sənəddə verilmiş əhalinin siyahıyaalınmasından aydın olur ki, Şuşanın “Təbrizli” hissəsinin əhalisi ancaq Azərbaycan türklərindən ibarət olub.

Əlverişli hərbi-strateji mövqeyə malik olan Şuşa şəhəri bütün Qarabağ xanlığında yaşayan əhali üçün olduqca cəlbedici idi. Bunun nəticəsi idi ki, İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) şəhərdə əhalinin sayı sürətlə artıb və 8 məhəllədən (“Xanlıq”, “Saatlı”, “Köçərli”, “Mamayı”, “Xoca Mərcanlı”, “Dəmirçi”, “Hamamqabağı”, “Təzə”) ibarət “Yuxarı məhəllə” adlandırılan ikinci hissənin formalaşması başa çatıb. Şuşanın “Qazançalı” adlanan üçüncü hissəsinin tikintisinə 1806-cı ildə İbrahimxəlil xanın ölümündən sonra başlanılıb və XX əsrin əvvəllərinə qədər davam edib. On iki məhəllədən ibarət olan bu hissədə daha çox əhali yaşayırdı. Burada yerləşən məhəllələrə misal olaraq “Çiləbörd”, “Dərə”, “Bağlar” və digərlərini göstərmək olar.

Şuşa yarandığı gündən Qarabağın in­zibati-siyasi mərkəzi rolunu oynayıb. Şəhər 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olub, 1822-1840-cı illərdə Qarabağ əyalətinin, 1840-1923-cü illərdə isə müxtəlif inzibati-ərazi vahidlərinin tərkibində olmuş Şuşa qəzasının mərkəzi funksiyasını yerinə yetirib. Yalnız sovet hakimiyyəti illərində Şuşa Qarabağın inzibati mərkəzi statusundan məhrum edilib. Şəhər 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaradılmış Şuşa rayonunun mərkəzinə çevrilib.

Çar Rusiyasının köçürmə siyasətinin geniş miqyas aldığı XIX əsrin sonu - XX əsrin əvvəlləri istisna olmaqla, bütün dövrlərdə Şuşa şəhərində yaşayan əhalinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. “Qarabağ əyalətinin təsviri” əsasında aparılmış hesablamalar göstərir ki, 1823-cü ildə Şuşada qeydə alınmış 1532 ailənin 1000-dən çoxu Azərbaycan türklərindən, 500-dən bir qədər çoxu isə alban mənşəli xristianlardan ibarət idi. Şəhərin Ermənistan tərəfindən işğalından bir qədər əvvəl – 1989-cu ildə keçirilmiş siyahıyaalmaya görə isə burada yaşayan 20 579 nəfər əhalinin yalnız 1377 nəfəri ermənilər olub.

Şuşa özünün memarlıq abidələri ilə də məşhurdur. XVIII – XIX əsrlərdə burada inşa edimiş bir çox memarlıq abidələri – saraylar, məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri özlərinin orijinal memarlıq üslubuna görə seçilirlər. Bu abidələrdən bir çoxu, o cümlədən Pənahəli xan və Qaraböyük xanıma məxsus saraylar, Xurşidbanu Natəvan tərəfindən inşa etdirilmiş “Xan qızı bulağı”, görkəmli memar Kərbalayi Səfi xan Qarabaği tərəfindən tikilmiş və yenidən qurulmuş Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digərləri günümüzə qədər gəlib çatıb.

Bu şəhərin yenidən Qarabağın mərkəzinə çevrilə bilməsi üçün ümummilli liderimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib

Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın Azərbaycan üçün əhəmiyyətini düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu şəhərlə bağlı mühüm qərarlar qəbul edib. Bu şəhərin yenidən Qarabağın inzibati-siyasi mərkəzinə çevrilə bilməsi üçün ümummilli liderimiz ötən əsrin 70-80-ci illərində mühüm tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl Şuşanın inkişaf etdirilməsinin əhəmiyyəti barədə məsələ qaldırıb. 1967-ci ildə Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdilər. Həmin məsələni dərindən araşdırmaq üçün 15 gün Dağlıq Qarabağda olan Heydər Əliyev Şuşaya da getmişdi. Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş, şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə bildirmişdi.

Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görüb.

1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atmışdılar. Ancaq onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə ulu öndər Heydər Əliyev Dağlıq Qarabağda milli ruhun oyadılması üçün mühüm tədbirlər həyata keçirib. Ümumilli liderimizin Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin yenidən qurulması, bu şəhərin yenidən Qarabağın mərkəzi rolunu oynaması istiqamətində gördüyü işlər bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Ulu öndərin diqqət və qayğısı ilə o dövrdə Şuşada böyük tikinti-quruculuq işləri aparılıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin msəyləri nəticəsində 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərini tarix-memarlıq qoruğu elan olunmasına dair qərar qəbul edib.

Ulu öndərimiz 1982-ci ildə Şuşaya səfəri zamanı Molla Pənah Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında iştirak edib, Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri ilə tanış olub və onların fəaliyyətinin genişləndirilməsinə dair tövsiyələrini verib. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmaları üçün şəxsi nümunə idi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirilib. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natəvana abidə qoyulub. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin siması əsaslı şəkildə dəyişib, yeni iş yerləri açılıb, yerli əhalinin milli ruhu daha da yüksəldilib. Həmin illərdə Şuşanın xalçaçılıq potensialı da qiymətləndirilib. Dövlət tərəfindən yaradılan emalatxanalarda həm şəhərli xalçaçılar, həm də yaxın Allahqulular, Quşçular, İmamqulular, Malıbəyli, Xəlfəli, Şırlan, Zarıslı, Ağbulaq, Çaykənd, Göytala, Xanalı, Qaybalı, Nağılar, Mirzələr, Sarıbaba, Turabxan, Qarabulaq kimi kəndlərdən olan xalçaçılar da çalışıblar

Şuşa bütün Cənubi Qafqazın əsas xalçaçılıq mərkəzlərindən biri idi

Şuşa Qarabağın həm də mühüm iqtisadi mərkəzi idi. İstər xanlıqlar, istərsə də çar Rusiyasının hakimiyyəti dövründə Şuşanın iqtisadi həyatının əsasını sənətkarlıq və ticarət təşkil edib. Hələ xanlıqlar dövrünün sonlarına aid məlumata görə burada 50-dən artıq sənətkarlıq sahəsi fəaliyyət göstərib. Şəhərdə ipək və pambıq parça toxuculuğu, zərgərlik, dabbaqlıq, papaqçılıq, çəkməçilik kimi sənət sahələri xüsusilə inkişaf etmişdi. Şuşalı zərgərlərin hazırladıqları “Aynalı kəmər”, “Piyaləzənt”, “Aypara” adlı kəmər və sırğalar Şuşanın hüdudlarından çox uzaqlarda məşhur idi.

Şuşa şəhərinin xalçaçılıq tariximizdə də əhəmiyyətli yeri və rolu vardır. Xalçaçılar Qarabağı Azərbaycanın, Şuşanı isə Qarabağın xalça paytaxtı hesab edirlər. Şuşada xalçaçılığın tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Burada toxunan bütün xalçalar, xalça məmulatları üzərində Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunlular kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir.

Şuşa şəhəri yalnız Qarabağın deyil, həm də bütün Cənubi Qafqazın əsas xalçaçılıq mərkəzlərindən biri idi. Yerli əhali xalçaları “gəbə” adlandırır. Şuşa şəhərində və onun ətrafında yerləşən kəndlərdə toxunan xalçalar özlərinin al-əlvan rənglərinə, toxunma texnikasına və forma müxtəlifliyinə görə seçilir. XIX əsrin ortalarında Qarabağda olmuş müəlliflərdən biri yazırdı ki, Şuşa gəbələri “naxışlarına, rənglərinə və möhkəmliklərinə görə İran xalçalarından nəinki geri qalmır, hətta Xorasan xalçalarından da üstündür”. XX əsrin əvvəllərində Şuşa şəhərinin bütün Cənubi Qafqazda xalçaçılıqda bədii zövqlərin formalaşmasında əvəzsiz rol oynadığını xüsusi vurğulayan A.S.Piralov yazırdı ki, “burada bütün bölgədə xalça istehsalına istiqamət verən ən mahir xalçaçı qadınlar çalışırlar”.

Qarabağın digər bölgələrində olduğu kimi, Şuşa şəhərində də ornamental və süjetli gəbələr geniş yayılmışdı. Daha çox XVIII-XIX əsrlər üçün xarakterik olan ornamental Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi. Bu tip xalçalara misal olaraq “Əjdahalı”, “Açma-yumma”, “Bağçada güllər”, “Nəlbəki gül”, “Saxsıda güllər”, “Qoca”, “Balıq”, “Butalı”, “Ləmpə”, “Dəryanur”, “Bulud” və digərlərini göstərmək olar. Burada 1 ortalıq, 1 başlıq, 2 yanlıqdan ibarət olan xalı dəst gəbələr də toxunurdu. Ortalığın ölçüsü – 800 x 250 sm, başlığın ölçüsü 550x150 sm, yanlıqların ölçüsü 900 x150 sm olardı.

XIX əsrin sonlarından başlayaraq Şuşada süjetli xalçaların toxunması geniş miqyas almışdı. Şuşada siyasi motivli xalçaların toxunması haqqında da məlumatlar vardır. Xalçaçı Humay Həsənzadə tərəfindən 1905-1911-ci illər Məşrutə inqilabının qəhrəmanı Səttarxanın şərəfinə toxunmuş süjetli xalça hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1926-cı ildə Şuşada toxunmuş başqa bir xalça üzərində 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı təsvir edilib. Bu xalçanın digər bölgələrimizdə hələ ki, oxşarına rast gəlməmişik. 1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Bu, o dövr idi ki, müstəqillik ideyalarını təbliğ edən, Azərbaycanı azad görmək istəyən ziyalılar təqib olunur, 1930-cu illər repressiyasına hazırlıq gedirdi. Məhz belə bir dövrdə bu xalçanın toxunması onu göstərir ki, Şuşa təkcə Azərbaycanın mədəniyyət mərkəzi olmayıb. Bu şəhər həm də ölkəmizin siyasi mərkəzlərindən biri kimi müstəqillik və azərbaycançılıq ideyalarının təbliğinə, bu bölgədə xalqımıza məxsus milli dəyərlərin qorunub saxlanılmasına öz töhfəsini verib.

Şuşada xalçaçılq sənətinin inkişafında Qarabağ bölgəsinin zəngin xammal bazası mühüm rol oynayıb. Qarabağda geniş yayılmış qoyunçuluq Şuşa xalçaçılarının əsas xammalı olan yunla tam təmin olunmasına şərait yaradıb. Əldə olan statistik məlumatlara görə, Qarabağda XIX əsrin 20-ci illərində 100 min baş, 90-cı illərində isə 150 min baş qoyun saxlanılıb. Şuşada təşkil edilən həftəbazarlardan bu qoyunlardan əldə edilən yunu satın alan xalçaçılar onu bütün zəruri emal proseslərindən keçirib iplik halına salıb, sonra isə tələb olunan rənglərə boyayıblar.

Şuşada və ətraf kəndlərdə xalça istehsalının geniş yayılması burada boyaqçılıq sənətinin inkişafında mühüm rol oynamışdı. Boyaqçılıq işinin təşkilində əslən Təbrizdən olan sənətkarların fəaliyyəti xüsusi qeyd olunmalıdır. XIX əsrin 30-cu illərində Şuşada fəaliyyət göstərən 3 boyaqxanadan biri göy, ikisi isə digər rənglərə boyamaq üçün ixtisaslaşmışdı. XIX əsrin sonlarında Şuşada xalça məmulatı istehsalının geniş miqyas alması boyaqçılığın da inkişafına ciddi təkan vermiş, onların sayının 8-ə çatmasına gətirib çıxarmışdı.

Şuşada əsl boyaqçılıq məktəbi yaranmışdı. Buradakı boyaqxanalarda adətən bir ailənin, nəslin nümayəndələri çalışırdılar. Qəmbər və İsgəndər Fərəcovlar, Qaflan, Əli, Əmir, Nizami, Seymur, Teymur Atakişiyevlər, İlqar İbadov kimi məşhur boyaqçılar məhz Şuşada fəaliyyət göstəriblər. Bu ustalardan bəziləri sonralar yaxın və uzaq kəndlərdə, mahallarda emalatxanalar açaraq müstəqil şəkildə çalışıblar. Sovet hakimiyyəti illərində Gəncədə, Ağdamda, Bərdədə fəaliyyət göstərən boyaqxanalarda da Şuşada yetişmiş ustalar işləyiblər.

Şuşanın xalça emalatxanalarının məhsuldarlığı sayəsində burada xalça bazarı da fəaliyyət göstərib. Məşədi Nəcəf, Həsənəli, Məşədi İman, Kərbəlayi Ağabəy, Hacı Məmmədhüseyn, Məşədi Rəcəb, Hacı Allahverdi, Kərbəlayi İmran, Mürşüd və Saleh qardaşları kimi şuşalı tacirlər Anadoluda, İranda, Tiflisdə, Dərbənddə, Gəncədə xalça ticarəti və mübadiləsi aparıblar.

Bir sözlə, Şuşada xalçanın xammalının hazırlanmasından satışınadək mükəmməl bir xalçaçılıq şəbəkəsi yaranmışdı.

Hazırda respublikamızın bir sıra muzeylərində, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, şəxsi evlərdə Şuşada toxunmuş xalça və xalça məmulatları qorunur. Dünyanın məşhur “Viktoriya və Albert”, “Metropolitan” muzeylərində, Kanada Tekstil muzeyində, “Ermitajda”, Rusiya Etnoqrafiya Muzeyində və şəxsi kolleksiyalarda vaxtilə Şuşada azərbaycanlılar tərəfindən toxunmuş çoxlu sayda xalçalar, xalça məmulatları vardır.

Erməni işğalı Şuşanın xalçaçılığına da ciddi ziyan vurub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dağıdılan muzeylərimizdən xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Şuşanın Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan da xarici ölkələrə, hərraclara daşınıb. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə satışa çıxarıblar. Mənfur düşmən Şuşa şəhərində xalça qalereyası açaraq Azərbaycan xalçalarını öz sənət nümunələri kimi təqdim edib.

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən ulu öndərimizin vəsiyyətini onun siyasi varisi, Azərbaycan xalqının xilaskar oğlu İlham Əliyev yerinə yetirib, Qarabağamızı işğaldan azad edib. Qüdrətli Azərbaycan dövləti Qarabağın bütün yaşayış məntəqələri kimi, Şuşamızı da yenidən quracaq, onun əvvəlki şöhrətini özünə qaytaracaqdır. Artıq bu prosesə start verilib. Bizi Şuşaya aparan yolun çəkilişinə başlanılıb. Prezident İlham Əliyevin 17 noyabr 2020-ci il tarixli Sərəncamı ilə ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 50,0 (əlli) milyon manat vəsait ayrılıb.

Şuşa abadlaşdırılacaq, tarixi və mədəni abidələr, muzeylər bərpa ediləcəkdir. Burada yeni Xalça Muzeyi, Şuşa xalçalarının toxunduğu müəssisələr yaradılacaqdır. Şuşada digər sahələr kimi, xalçaçılıq sənəti də dirçəldiləcək, bu qədim şəhərimizdə toxunan gəbələr dünyanın məşhur muzeylərinin bəzəyinə çevriləcəkdir. Azərbaycan xalçaçılarının ən böyük arzularından biri də tarixi şəhərimiz olan Şuşada Qarabağ xalçalarının sərgisinin və beynəlxalq xalça festivalının keçirilməsidir. İnanırıq ki, yaxın gələcəkdə biz bunu da reallaşdıracağıq.

“Qafqazın konservatoriyası”, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri, incəsənətimizin, muğam sənətimizin beşiyi, milli kimliyimizin simvolu, Qarabağın xalça paytaxtı olan Şuşanın xoş günləri qarşıdadır. Şuşanın xoş növrağını gördükcə dahi Üzeyir Hacıbəyovun, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Xurşidbanu Natəvanın, Süleyman Sani Axundovun, Yusif Vəzir Çəmənzəminlinin ruhu sakitlik tapacaq, bu şəhər Azərbaycan mədəniyyətinə, ədəbiyyatına yenə də belə dünya şöhrətli simalar bəxş edəcəkdir.

Şuşada görüləsi çox işlər var. Şuşa ilə bağlı çox arzularımız, çox planlarımız var. İnşallah, Şuşa arzumuz kimi bütün arzularımız reallığa çevriləcəkdir. Dövlətimizin başçısının dediyi kimi:

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Vidadi MURADOV, “Azərxalça” ASC İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: