Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xoşbəxt son nöqtə
03.12.2020 12:27
  • A-
  • A
  • A+

Xoşbəxt son nöqtə

İlk atəşləri qələmlər açdılar.

Gizlicə iş gedirmiş, nəhəng bir şəbəkə qurulubmuş, Azərbaycan boyu bütün ermənilər "Miatsum" ideyası ətrafında birləşdirilibmişlər və maraqlıdır ki, bizim xüsusi xidmət orqanları bu böyüklükdə təhlükə ilə bağlı nə tədbirlər tökürmüşlər? Çünki məlumatsız idilər demək doğru olmaz. Belə həddən ziyadə kütləvi tərpənişdən bixəbər qalmaq mümkünsüz idi.

Artıq 1980-ci illərin ortalarında Moskva mətbuatında da Dağlıq Qarabağla bağlı separatçı təmayülləri hələ üstüörtülü də olsa əks etdirən yazılar ara-sıra dərc edilirdi. 1985-ci ildə "Oqonyok" jurnalında işıq üzü görən bir məqalədəki fikirlər elə narahatedici idi ki, mən o vaxt Akademiyamızın Şərqşünaslıq İnstitutundakı həmkarlarımla məsləhətləşəndən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədrinə məktub da göndərdim.

Nə ordan, nə də o vaxt onlarla birbaşa bağlı olan bizimkilərdən bir xəbər çıxdı.

Qaynama nöqtəsi 1987-ci ilin noyabrında olmalıymış.

Parisdə Fransa Erməni İnstitutunun və Erməni Veteranlar Assosiasiyasının təşkilatçılığı ilə akademik Abel Aqanbekyanla təşkil edilmiş görüşdə o, çıxış edərək "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana" söylədi, onun müsahibəsi məşhur "Humanite" qəzetində dərc olundu və bu qığılcım başladı qəzetdən-qəzetə, bir informasiya agentliyindən digərinə ötürülməyə.

Münaqişə ocağını alışdırmağa mətbuatdan başladıqları kimi, sonra bu cəbhədə çox fəal olmağın da tədarükünü irəlicədən görüblərmiş.

Moskva mətbuatı, Mərkəzi televiziya onların birbaşa təsirində idi. Az qala hər redaksiyada adamları vardı. Ona görə də lap əvvəldən biz informasiya döyüşündə uduzmağa başladıq.

Xaricə çıxışımız da onlarla müqayisədə yox dərəcəsində idi.

Erməni lobbisinin uzun əlləri ilə orada da çox iş görürdülər.

Biz 1980-ci illərin sonlarında Xankəndi kükrəməyə, Ermənistandan yurddaşlarımız qovulmağa başlayanda özümüz deyib, özümüz eşidirdik. Sovet kütləvi informasiya vasitələri həqiqətlərin avandını tərsinə elə çevirirdilər ki, ekran qarşısında bu qansızlığı görənlərin, eşidənlərin ürəyi partlama həddinə çatırdı.

Və düşünəndə ki, niyə Birinci Qarabağ müharibəsində uduzduq, çox səbəblər sırasında heç vaxt bunu da yaddan çıxarmayaq ki, ermənilərin o savaşda bizdən xeyli irəlidə olan, imkanları geniş mətbuat ordusu da vardı.

İstənilən yalanı bütün Sovet İttifaqı məkanına və eləcə də xarici aləmə həqiqət adı ilə sırımaqda xüsusi peşəkarlığa malik, say tərkibi də, maliyyə imkanları da lap geniş mətbuat ordusu.

1993-94-cü illərdə Azərbaycanın maddi imkanları hələ zəif idi. Buna baxmayaraq, Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayan Heydər Əliyev hər səfərində özü ilə 20-30 nəfərlik mətbuat işçiləri dəstəsini götürürdü. Təbii ki, bunlar hamısı vəsait tələb edirdi. Hoteldə qalmaq haqqımızdan əlavə hər jurnalistə gündəlik xərclər üçün də valyuta ödənirdi. Xəzinə isə boş idi, yol təzə başlanırdı, iqtisadi sıxıntılar bəs deyincə idi.

Lakin müdrik Heydər Əliyev bunu edirdi, həmin təcrübəni sonrakı illərdə də həmişə daha da genişləndirdi, çünki mətbu sözün böyük gücünü və təsir imkanlarını yaxşı bilirdi.

Mən o vaxtlar "Amerikanın səsi" radiosunun Azərbaycanda müxbiri idim. Ancaq "Azadlıq" radiosunun, bir sıra Moskva nəşrlərinin də azərbaycanlı təmsilçilərini həmişə səfərə çıxan tərkibə daxil edirdi və hər dəfə məsləhət verirdi ki, yazdığınız xəbərləri, hazırladığınız süjetləri istədiyiniz xarici radioların Avropa və Şərq dillərində olan xidmətləri vasitəsilə də yayın.

Və bu gün biz İkinci Qarabağ müharibəsində zəfər qazandıqsa, bunun da çox səbəbləri sırasında mətbuatın yeri var. Həm özümüzün dünyaya çıxa bilən mətbuatımızın, həm də beynəlxalq informasiya şəbəkəsində keçmişdəki süstlüyə rəğmən çoxlu dostlarımızın, həqiqətləri obyektiv əks etdirən vicdanlı və yetərincə çoxlu jurnalistin olması.

Lakin bu münbit əhatə mətbuatla məhdudlaşmır. Ermənilik elmə də girişib, özlərinə uydurduqları saxta tarix və xəstə siyasətləriylə bağlı sıra-sıra ölkələrdə müxtəlif millətlərdən olan alimlərin imzası ilə bolluca kitablar da nəşr etdirir. Fəqət elmi həqiqəti hər şeydən üstün tutan Erix Fayql (1931-2007) kimi alim və ədib də olub ki, bu saxtakarlıq selinə qarşı durub, yüksək elmi ləyaqətlə erməniliyin qondarma tarixlərini ifşa edib. Ya ABŞ alimi və yazıçısı Samuel Viimsin erməniliyin qara mahiyyətini açan "Dırnaqarası xristian olan terrorçu Ermənistan dövlətinin sirləri" adlı bircə kitabı onların sifarişlə ortaya çıxardıqları yüz çürük kitabının kürəyini yerə vurub.

Qarğa-quzğun kimi Moskva televiziyalarına daraşan, ikrahlı yalanlarını, ifrat erməniçi baxışlarını nümayişkaranə şəkildə, gerçəkləri tam tərsinə çevirərək efirə püskürən muzdlu siyasətçi və jurnalistlər sürüsünün müqabilində hər ağıllı, məntiqli, təmkinli çıxışı ilə qəlbimizi ovudan, təsəllimizə çevrilən, onları seyr edənləri də yetərincə inandıran, əsl həqiqətin harada olduğunu dəqiq nişan verən İqor Korotçenko, Maksim Şevçenko kimi dəyanətli siyasətşünasların xidmətlərini biz necə unuda bilərik?!

Elə onlar da ön cəbhədə, atəş altında  idilər və bu gün də davam etməkdə olan təbliğat, informasiya savaşında yenə öndədirlər.

Qətiyyən şübhə etmirəm ki, bu iki güclü şəxsiyyəti mübarizə meydanından kənarlaşdırmağa, mövqelərini dəyişməyə nail olmaqçün erməni tərəfi bütün mümkün üsullardan istifadə edib.

Onlar çoxdurlar. Sayca şər elə həmişə çox olur. Lakin Xeyirin də xüsusi çəkisi həmişə şərdən daha artıqdır.

Ona görə də bir Şevçenko, bir Korotçenko kimi oğulun çəkisi və sözünün gücü əqidəsini, mənliyini hərraca çıxarmış yüz Solovyov və onabənzər saxtakarın səfsəfəsini heçə endirməyə qadirdir.

Səbəbsiz deyil ki, Prezident İlham Əliyev noyabrın 25-indəki Kəlbəcər təbrikində Qələbəmizi təmin etmiş ümdə şərtləri sadalayanda bu amilə də xüsusi diqqət yetirirdi: "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, antiazərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq, bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

Qələbə duyğusu nə böyük, nə ülvi hissdir! Ətrafdakı hər nəsnəyə səni bir başqa gözlə baxmağa sövq edir, zahirən ən sıradan olanlar da səninçün adilikdən uzaq görünür.

Bu dağlara yüzillər, minillərdir ki, qar yağırdı.

Ancaq bu qar bir başqa qardır. Üstündə addımladığımız qarın xışıltısı heç vaxt bu cür - dünyanın ən könülsığallayan musiqisindən də cazibəli səslənməyib.

Azərbaycan bayrağı heç vaxt belə gözəl görünməmişdi.

Hər tərəf dümağ tülə bürünüb. Bayrağımın rəngləri, ayı-ulduzu bu bəmbəyaz gözəlliyin tuşunda sanki par-par yanır.

2020-ci il noyabrın son bazar günü. Dağlara ilk qar yağıb. Bura Şuşadır.

Qələbəmizin zirvəsi Şuşa!

Elə Şuşa zəfərindən sonra da düşmən təslim oldu.

Dəmir yumruq gözlərinə elə qaranlıq gətirdi ki, məğlubiyyət bayrağını qaldırmağa, Ağdamın, Kəlbəcərin, Laçının hələ düşməndən təmizləyib qurtarmadığımız yerlərini də döyüşsüz tərk etməyə vadar oldu.

Əslində, Şuşa döyüşü həm də son Ağdam döyüşüdür, həm də son Kəlbəcər döyüşüdür, həm də son Laçın döyüşüdür.

2020-ci il mayın 18-i üzdən baxanda lap yaxınsa da, o vaxt bugünkü bəxtiyar günlər xəyalagəlməz qədər uzaq idi.

Əziz Laçının daha bir kədərli tarixçəsini - işğalın ildönümünü qanqaralığı və nəhayət ki, bir gün bu acı səhifənin qapanacağı ümidi ilə qarşılayırdıq.

O qəmli səhərdə mən Laçını azadlığa qovuşduracaq bir son döyüş haqqında şeir yazdım. Bir müddət sonra Xalq artisti Eldar Mansurov o sözlərə təsirli bir mahnı da bəstələdi, qarabağlı müğənni Nigar Cəlilova da həmin nəğməni məlahətlə ifa etdi:

Gözümdə, ürəyimdə sənin əziz surətin.

Yaddaşları göynədən intizarın, xiffətin.

Dağ çəkilir dağına yad əllərdə, ay Laçın!

Neynim, əllərim yetməz, Günəş Laçın, Ay Laçın!

Demə ki, bivəfayıq, gələcəyik, can Laçın!

Bitəcək bu ayrılıq, bitəcək hicran, Laçın!

Yarıqönçə güllərin gözləri dolmayacaq.

Gec açılıb tez solan çiçəyin olmayacaq.

Həsrətlə gözlədiyin sabahlar açılacaq.

Yenə də yollarına şəfəqlər saçılacaq.

Demə ki, bivəfayıq, gələcəyik, can Laçın!

Bitəcək bu ayrılıq, bitəcək hicran, Laçın!

Qayıdacaq qoynuna sədaqətli oğullar.

Belə qalmaz, darıxma, hələ bir son döyüş var!

Bizim xoşbəxt Laçın günümüz dekabrın 1-də gəldi. Ancaq həmin arzuladığımız son döyüş noyabrın 7-də, 8-də Şuşa sıldırımlarında baş vermişdi.

Laçında V əsrin yadigarı Ağoğlan məbədi var. Gendən bu əski alban məbədinə Ağoğlan dağı baxır, həndəvərində Ağoğlan kəndi, böyründən Həkərinin sağ qolu Ağoğlan çayı şütüyür, elə Şuşanın üç əsas qapısından birinin də adı lap keçmişlərdən Ağoğlan qoyulub.

Laçınlıların yaddaşında dolaşan rəvayətdir ki, el aylarla əlləşib dağlar qonunda bir qəsr ucaldır. Tikinti qurtaranda xalq şənliyi qurulur, ətrafda xalçalar döşənir, iri qazan asılır. Aşpaz hazır olan yeməyi bayrama toplaşanlara paylamaq istəyəndə bir qaranquş gəlib onun başına fırlanmağa, çömçəni qazana salmasına mane olmağa başlayır. Aşpaz qaranquşu qovmağa nə qədər cəhd etsə də, quş əl çəkmir. Və qəfilcə özünü çırpır pıqqapıqla qaynayan qazana. Bir ağsaqqal qayıdır ki, qaranquşun belə hərəkəti səbəbsiz deyil, siz qazanın içinə diqqətlə baxın. Qazanı boşaldırlar və görürlər orada iri bir zəhərli ilan da varmış.

Beləcə, fədakar qaranquş öz həyatı bahasına o qədər adamı zəhərlənməkdən, bayramı yasa dönməkdən xilas edir və camaatın mübarəkbadlığına toplaşdığı o tikiliyə də həmin gündən "Qaranquş qəsri" adı verilir. Zaman ötür, qaranquşun öz ölümü ilə ayrı bir müqəddəslik bağışladığı qəsr də ziyarətgaha çevrilir, Ağoğlan məbədinə dönür.

Laçın uğrunda döyüşlərdə Birinci Qarabağ müharibəsi vaxtı nə qədər igidimiz qurban getdi.

İkinci Qarabağ savaşında Laçının və işğal altındakı torpaqlarımızın xilası üçün də şəhidlərimiz az olmadı.

Onlar hamısı bu gözəl elləri əfi ilanın ağuşundan qurtarmaqçün can qurban etmiş qaranquşlardır.

Onların həmişə minnətdar olacağımız qaranquş ruhları daim Vətən göylərində süzəcək, bu əziz torpaqları hər xata-bəladan hifz edəcək.

Dekabrın 1-də hələ səhər açılmamış Laçın şəhəri üzərində Üçrənglimizi ucaldan Azərbaycan Əsgərinin: "Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının dövlət bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!" sözlərindən riqqətlənməmək mümkünmü?

Hanı o azərbaycanlı ki, bunları eşidincə fərəhindən qəhərlənməsin, qürurundan gözləri yaşarmasın?!

Belə məsud bayraq ucalışlarına adət etmiş Azərbaycan insanı necə səbirsiz olmasın, necə yeni ucalışlar arzulamasın?!

Bu bayatı 28 il hər laçınlının ürəyində qövr eləyən nisgilin əks-sədasıdır:

Əzizim Laçın gərək,

Yolları açım gərək.

İstəmirik cənnəti,

Bizlərə Laçın gərək.

Laçın artıq yenə sizinkidir, əziz laçınlılar, Laçının yenə qoynuna qayıtdı, Azərbaycan!

Hər qarış torpağımızın düşmən tapdağından xilas edilməsi bizi sonsuz dərəcədə sevindirirdi. Lakin Laçın sevinci əvvəlki sevinclərimizlə müqayisə edilə bilməz. Yalnız ona görə yox ki, azad Laçına qovuşmağımızla erməni işğalı bitir, 30 ilə yaxın müddətdə bir an fasilə vermədən göynəyən yaramızın ağrısı kəsilir, nəhayət ki, sonsuza qədər davam edəcəkmiş kimi görünən məşəqqətli münaqişənin nöqtəsi qoyulur.

İş ondadır ki, bu qarşıdurmanın lap əvvəldən ən düyünlü hissəsi elə Laçın olmuşdu və erməninin hətta digər rayonları qaytarsa belə ondan imtina fikri yox idi. Erməni lobbisinin əli ilə xarici dövlətlərdən də bu istiqamətdə dəstəklərini alaraq lap azğınlaşmışdılar. Laçını və Kəlbəcəri bizə yalnız o halda qaytarmağı mümkün sayırdılar ki, dərhal qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini, yaxud da elə mahiyyətcə ona bərabər olan əldəqayırma referendumlarını tanıyaq. Lakin yenə də o qeyd-şərtlə ki, Laçından Ermənistana dəhliz verək. Nə boyda? Bu sual da açıq saxlanırdı. Dəhlizin  kilometrlərini də elə çox tələb emək niyyətindəydilər ki, təxminən Laçının onlarda qalmasına bərabər olsun. Laçının onlarda qalacağına elə arxayın idilər ki, digər işğal ərazilərindən fərqli olaraq, buranı dağıdıb xaraba qoymurdular, əksinə, xaricdən gətirdikləri erməniləri də qanunsuz olaraq orada məskunlaşdırırdılar. Laçının gələcək taleyi bunca qəliz, hətta ümidsiz qədər acınacaqlı idi. İllər boyu bağlı qapılar arxasında gedən gərgin danışıqlarda Laçının həmişə Azərbaycan tərəfinə, ilk növbədəsə məsuliyyətin ən ağırını çiyinlərində daşıyan dövlət başçısına hansı narahatlıqlar yaşatdığını özünüz təsəvvür etməyə çalışın. Beynəlxalq qurumlar tərəfindən haqsızlıq, ədalətsizlik, Ermənistan tərəfindən həyasızlıq üzərində qurulmuş və acı bağırsaq kimi uzanan həmin danışıqların təfərrüatları cüzi də olsa açılarsa, düşünün ki, Azərbaycan vətəndaşı necə dərin ümidsizliyə qapılardı!

Dövlət başçısı olmağın hər kəsin çəkə bilmədiyi müdhiş ağırlığının bir özəlliyi də odur ki, gərək hər qərəzkar maneəyə, həddini aşan təzyiqlərə sinə gərə biləsən, amalına, məqsədinə çatmaq xatirinə dəmir hövsələ göstərməyi, həzm edilməsi çətin sözləri eşitməyə dözməyi də bacarasan, imkan verməyəsən xalqın ümidləri qırılsın və bu ümidləndirmə də quruca söz olmasın, bir gün səni millət qarşısında üzüağ edəcək umulan parlaq nəticəyə gətirib çıxarsın.

Prezident İlham Əliyev dekabrın 1-də, Laçının azadlığı günündə millətinə hesabat verir, bu əzablı, ləyaqətlə keçilmiş və şərəflə tamamlanan yolun gizlinlərini açırdı: "Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı".

Və sarsılmaz iradə, inam və illərcə toplanan güc hesabına aşağılayıcı əda ilə "mövcud reallıqla barışın" təklif edilən Azərbaycan düşməni əzdi, zəfərini çaldı və yeni reallıqlar yaradan Azərbaycana çevrildi. Vüqarla, əmin bir səslə dünyaya bəyan etdi ki, indi söz sahibi bizik, indi sükan arxasında bizik, indi səmti biz müəyyənləşdiririk və istədiniz-istəmədiniz, bu gerçəkliklə barışmalısınız: "Düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı.

Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı.

Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik".

Budur əsl İlham Əliyev! Budur onun qadir çöhrəsi.

Lazım gələndə ən sərt sifətini göstərməyi, ölkəsini polad yumruğa çevirib yağının başını əzməyi bacaran, iriliyindən-xırdalığından asılı olmayaraq düşmənin bütün himayədarlarını susdurmağa qüdrətli Şəxsiyyət, amma həm də Böyük Savaşın axırıncı nöqtəsini qoyunca nəzərləri sabaha dikilən, quruculuq haqqında düşünən, hətta bu quruculuq və əməkdaşlıqda dünənki düşmənə də ən əvvəl elə onların öz mənafeləri naminə qapıları açıq saxlayan Lider.

Prezident İlham Əliyev aqil insandır - qonşumuzu yaxşı tanıyır, onun xislətinə cikinə-bikinə qədər bələddir, həm də dövlət başçımıza uzaqları görmək bəsirətliliyi var. İnanır ki, gələcəkdə bu bölgədə sabitliyin, tərəqqinin daim bərqərar olmasından ötrü əməkdaşlıqları dərinləşdirmək, ortaq beynəlxalq layihələrə daha geniş meydan vermək gərəkdir. Dünənki düşmən də bu layihələrə qatılacaqsa, mənfəət də görəcək, inkişafı da olacaq, həyat özü ona anladacaq ki, qarşıdurmalarla yalnız itirmək mümkündür və necə ki, indiyəcən də çox şeyi itirib.

Bu yerlər yüzillər, minillərdir ki var və bizimdir. Amma Laçın şəhəri yenidir. 1924-cü ildə Azərbaycan rəhbərliyi xüsusi bir nümayəndə heyəti yollayır ki, qəza mərkəzi olması, şəhər salınması üçün nisbətən düzənlik məkan seçilsin. O zamanlar "Maarif və mədəniyyət" jurnalının redaktoru olmaqla yanaşı, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə rəhbərlik edən Tağı Şahbazi Simurq həmin heyətin rəhbəri imiş. Təklif olunan yerə baxandan sonra burada salınacaq şəhərə hansı adı vermək söhbətini edirlər. Yerli əhali söyləyir ki, bura Abdallar deyilir. Tağı Şahbazi Simurq fikrə dalır, qarşı yatan dağlara baxıb soruşur: "Bu dağların adı nədir?" "Laçın qayası", - deyirlər. "Nə yaxşı! Elə salacağımız şəhərin də adı Laçın olsun!"

Gözəl-göyçək, hərəsinin bir şirin tarixçəsi olan yer adlarımızın hamısını ucdantutma dəyişən, Laçına "Berdzor", Ağoğlana "Tsitsernavank", Ağbulağa "Spitakadjur", Cicimliyə "Vanoca", Alxaslıya "Aşeni", Çıraqlıya "Arvakan", Kamallıya "Uxtadzor", Qarıqışlağa "Tandzut", Qalaçaya "Berdik"... kimi özlərinəbənzər kifir adları yamaq edən ermənilər həm də bununla bir daha o iddialarını ortaya qoyurdular ki, daha həmişəlik buralarda qalacaqlar. Yalan uydurub özlərinin də az sonra artıq alışdıqları həmin yalanı doğru kimi qavramaq vərdişlərinə uyğun olaraq buralarda qalsaydılar, yəqin, gələcəkdə onu da söyləyəcəkdilər ki, elə İkinci Tiqranı da eramızdan 140 il əvvəl nənəsi Satenik bu dağlarda qucağında gəzdirib.

Xülyalar üzərində qurulan nə varsa, bir gün röya kimi uçub getməlidir. Bu, hökmi-zərdir, yaşayışın qaçılmaz qaydasıdır. Ermənistanın Laçın röyası da bitdi. Yuxudan ayılınca uydurduqlarının, qondardıqlarının hamısı bir an içində puç oldu, toza çevrilib yellərə sovruldu: "Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edilə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək.

Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər".

Xarici televiziyaların müxbirləri Laçını tərk etmələrinə qoyulmuş müddətin bitməsinə bir neçə gün qalmış danışdırırdılar onları. Elə ağlayıb-sıtqayırdılar ki, sanki qəsb etdikləri yerləri deyil, yüzillərlə onların olmuş məskənləri tərk edirlər.

Bir yana baxanda qınamalı da deyil. Qızdırmalı təxəyyüllərini həqiqət sayan və bütün dünyanın da onların həqiqətinə inanmasını təkid edən ruh xəstələri elə belə olur.

Laçının İşıqlı dağı var, arxasında da "Eşşək meydanı" aşırımı.

Dağın adı bizə - Qalibə, aşırımın adı cahil inadı öz düşüncə tərzinə çevirmiş məğluba yaraşır.

Nəhayət ki, İşıq Zəfərini çaldı, ermənilik bütün üfunətli əməlləri və murdar izləri ilə həmin aşırımdan dərənin dibinə yuvarlandı.

Və tarixə həkk olunan gecədə müzəffər Azərbaycan Ordusunun düşməndən boşalmış Laçına daxil olduğu dekabrın 1-ində 1992-ci ilin may ayından bəri hər an oyaq olan bir narahat ana da, nəhayət ki, Allahla barışdı.

O vaxt erməni quldurlarının əlinə düşməsin deyə Qəmzə Abbas qızı özünü Ağdərə çayına ataraq intihar etmişdi...

Aşığın canı yara,

Qıyaram canı yara.

Tutun qoyun qəfəsə,

Göndərin canı yara.

Laçınlı Sarı Aşığın bu sevdalı bayatısı bu gün gərək ayrı cür yozula.

Qəfəs nədir, Sarı Aşıq! Laçının azadolma xəbərini bir quş kimi açaq buraxaq, uçduqca uçsun, zavallı Laçınımız qəfəsdə çox qaldı, qoy indi pərvazlandıqca pərvazlansın. Bu şad xəbər gedib erməni qənimi Paşa oğlu Sultan bəyə, onun qardaşı, Cümhuriyyət dönəmində ilk Müdafiə nazirimiz, sonrasa Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanova yetişsin, Mir Həmzə Nigaridən, Aşıq Abbas Piçənislidən tutmuş Laçın həsrətiylə dünyadan uçub getmiş və yurdun əsarətindən qəlbi pörşələnərək belə yanıqlı misralar yazmış şair Hüseyn Kürdoğluya da çatsın ki, toxtamayan ruhları təskinlik tapsın:

Bağrımın başı yanar,

Gözümün yaşı yanar.

Eli didərgin dağın

Qayası, daşı yanar.

28 il idi laçınlı doğulmurdu.

Hərçənd, bu 28 il boyunca Azərbaycan boyu səpildikləri 59 şəhər və rayonda laçlınlılar ürəklərindən daş asıla-asıla həyatlarını davam da etdirirdilər, toylar da olurdu, artıb-çoxalırdılar, haçansa ata-baba yurdlarına qayıtmaq ümidləri də sönmürdü.

Gələn il yenidən doğum şəhadətnaməsində təvəllüd yeri "Laçın" yazılan ilk körpələr dünyaya gələcək.

Və Laçının yeni doğum günündə - dekabrın 1-də Prezident İlham Əliyev laçınlıların adlarının qarşısında 28 il göz dağı kimi qalmış "məcburi köçkün" deyiminin əvvəlində "keçmiş" sözünü işlətdi.

Bu altıca hərfli adicə sözü deyə bilməkçün keçilən yol nə qədər əziyyətli, nə qədər enişli-yoxuşlu oldu: "Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq".

Yəqin, bizimkilər ən tez elə Şuşaya, Laçına dönə biləcəklər.

Yenə Laçın ana dilimizi eşidəcək, yenə o dağlardan saz sədaları ucalacaq, Laçından aralıdakı 28 ildə iki o qədər qocalmış insanlar intizarında olduqları torpaqları ən əzizi, ən doğmasıyla görüşən kimi qucaqlayıb öpəndən, o dağların saf havasıyla nəfəs alandan, yalnız oralarda bitən çiçəklərin ətrini ciyər dolusu içərilərinə çəkəndən sonra gün-gün, ay-ay cavanlaşmağa başlayacaqlar, laçın övladlarına baxdıqca Laçına - başı bəlalar çəkmiş bu sevimli yurda da dədə-baba laçınlığı təzədən qayıdacaq.

Vətən müharibəsinin son nöqtəsinin qoyulduğu Ooca Laçın həm də başlanğıcdır.

Təzə Laçının, Yeni Qarabağın bəxtəvər və yüksəlişli sabahlarının başlanğıcı!

Daha artıq bütövləşən istiqlalın mübarək, gözün və bütün Sabahların aydın olsun, VƏTƏN!

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

  • Paylaş: