Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Hüseyn Cavidin Ev Muzeyində ədibin xatirəsi anılıb
04.12.2020 15:00
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində ədibin xatirəsi anılıb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin vəfatından 79 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq tədbir onlayn formatda baş tutub. Anım mərasimində şairin həyat və yaradıcılığını əks etdirən sərgi cavidsevərlərə təqdim olunub.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ədibin həyat yolundan və zəngin yaradıcılığından söz açıb. Bildirib ki, H.Cavid 1941-ci il dekabrın 5-də vətəndən uzaqlarda, İrkutsk vilayətinin Tayşet rayonunda 59 yaşında vəfat edib, ailəsinə isə onun ölümü haqqında şəhadətnamə yalnız 7 il sonra təqdim olunub. Bununla da Cavidlər ailəsi kimi, cavidsevərlər də böyük şairlə qovuşacaqlarına, əsərlərinin yenidən nəşr olunacağına, pyeslərinin səhnədə bir daha tamaşaya qoyulacağına ümidini tamamilə itirib. Hüseyn Cavid 1956-cı il mart ayının 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət qazansa da, uzun müddət ədibə sovet mundiri geyindirilib, əsərləri seçilərək səhnələşdirilib, böyük mütəfəkkirin əsas qayəsi arxa planda gizlədilib, dili və üslubu dəyişdirilərək təqdim olunub.

G.Babaxanlı çıxışında H.Cavidə əsl bəraətin dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. Bildirib ki, şairin nəşi məhz ulu öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana gətirilib. Adının əbədiləşdirilməsi istiqamətində də ilk və qəti addımlar onun Azərbaycana rəhbərlik etdiyi illərdə atılıb. Məhz ümummilli liderin göstərişləri sayəsində H.Cavidin Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərəsi ucaldılıb.

Qeyd edək ki, anım mərasiminə qatılan tanınmış cavidşünas və cavidsevərlərə muzeyin 2020-ci ildə çap olunan son nəşrləri onlayn rejimdə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: