www.science.az
15.12.2020 11:45

Naxçıvan Bölməsində gənclərlə görüş keçirilib

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın fəal gəncləri ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyanın müəllifi, bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə həyata keçirilən gənclər siyasəti və onun uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da  gənclərlə iş yüksək səviyyədə qurulub, onların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. O qeyd edib ki, bu gün muxtar respublika gəncləri bir sıra layihələrdə uğurla iştirak edir və bu, onların gələcək vətənpərvər, sağlam vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən akademik İsmayıl Hacıyev bölmə haqqında qısa məlumat verərək, qazanılmış elmi nailiyyətləri gənclərin diqqətinə çatdırıb. Gənclərə elmin bütün sahələrində ehtiyac olduğunu vurğulayan alim bildirib ki, Naxçıvan Bölməsinin fəaliyyətinin əsas qayəsi Naxçıvanşünaslıq elminə xidmət etməkdir.

Monoqrafiyadan söz açan alim sözügedən nəşrin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunduğunu söyləyib. Nəşrdəki fəsillər və onların əhatə etdiyi mövzuları gənclərin diqqətinə çatdıran akademik qeyd edib ki, kitabı oxuyan hər bir oxucu 1995-2019-cu illərdə muxtar respublikada sosial-iqtisadi və mədəni sahədə baş verən dəyişikliklərin, dinamik və davamlı inkişafın, əldə edilmiş nailiyyətlərin şahidi olacaqlar. Monoqrafiyadan yararlanan hər bir fəal gənc öz gələcək fəaliyyətində məhz bu perspektivli inkişafı nümunə götürə bilər.

İ.Hacıyev muxtar respublikada ərazi, enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu, bu sahədə işlərin daim yüksələn xətlə davam etdirildiyini söyləyib. O bildirib ki, Naxçıvan əsrin əvvəlində elektrik enerjisi idxal edirdisə, artıq enerji ixrac edən strateji əhəmiyyətli bir regiondur.

Elm, təhsil, mədəniyyət, turizm və digər sahələrdəki irəliləyişləri diqqətə çatdıran alim vurğulayıb ki, 25 il ərzində əldə edilmiş inkişaf məhz xalqın və dövlətin mənafeyinə yönəlmiş uğurlu siyasətin bəhrəsidir. Həmin uzaqgörənliyin nəticəsidir ki, Naxçıvan bu illər ərzində daim yüksələn inkişaf tempində uğurla irəliləyir.

Sonra fəal gənc Şövkət Kərimlinin monoqrafiya haqqında çıxışı dinlənilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.