Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Dostluq” yatağı mehriban qonşuluq və əməkdaşlığın nümunəsi
27.01.2021 14:35
  • A-
  • A
  • A+

“Dostluq” yatağı mehriban qonşuluq və əməkdaşlığın nümunəsi

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 21 yanvar 2021-ci il tarixdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizindəki “Dostluq” yatağında karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında imzalanmış Anlaşma Memorandumu hər iki ölkənin və xalqın həyatında iqtisadi və siyasi cəhətdən xüsusi əhəmiyyətə malik mühüm tarixi hadisədir.

Memorandum tarixi, etnik-dini ənənələrə, ortaq köklərə malik iki qardaş ölkə arasında Xəzər dənizində energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığa dair birgə layihələrin təşkili baxımından yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, gələcək perspektivdə iki ölkə arasında iqtisadi-siyasi və mədəni münasibətlərin daha da genişlənməsi və inkişaf etdirilməsinə ciddi töhfə verəcəkdir.

Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan Azəri-Çıraq-Günəşli və Türkmənistanın “Petronas 1” blokları arasında yerləşən “Dostluq” yatağı Xəzərin cənub hissəsində hər iki ölkənin sərhəd sularında yerləşən ən iri neft-qaz yataqlarından biridir.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın Xəzər dənizindəki sərhədlərinin tən ortasında yerləşdiyi üçün “Промежуточное”, yəni “Aralıq” adlandırılsa da, müstəqillik illərində Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar”, indi isə hər iki ölkənin birgə “Dostluq” adlandırdığı bu yataqda ilk kəşfiyyat işləri hələ ötən əsrin səksəninci illərində başlanılmışdı. Azərbaycanlı neft mühəndisləri tərəfindən 1989-cu ildə kəşf edilən bu yataq müstəqillik əldə edildikdən sonra iki ölkə arasında istismarla bağlı uzun illərə söykənən müzakirələr aparıldı və nəhayət, bu istiqamətdə mühüm razılıq əldə olundu.

Anlaşma Memorandumu tarixi hadisə olmaqla yanaşı, iqtisadi cəhətdən də böyük əhəmiyyət daşıyır. Belə ki, “Dostluq” yatağı kifayət qədər böyük enerji resurslarına malikdir. İlkin qiymətləndirmələrə görə, yataqda təqribən 60 milyon ton neft, 100 milyard kubmetr təbii qaz ehtiyatları mövcuddur. İqtisadi dəyərləndirmələrə əsasən, geniş və əhatəli kəşfiyyat işlərindən sonra bu göstəricilərin bir qədər də artacağı ehtimal edilir. Bu isə hər iki ölkənin büdcə gəlirlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olacaqdır. Bu mənada “Dostluq” yatağının birgə istifadəsi ilə bağlı memorandumun imzalanması və buradan çıxarılacaq karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması mühüm tarixi hadisədir.

Yatağın ikitərəfli əməkdaşlıq əsasında birgə istismarı ölkəmizin həm kommersiya, həm də texniki cəhətdən cəlbediciliyini də artırır. Belə ki, Xəzər dənizində mövcud neft və qaz yataqlarının hasilatı və nəqli üçün yaradılmış müasir kommunikasiya xətləri, lazımi çoxfunksiyalı infrastruktur “Dostluq” yatağından hasil olunacaq enerji məhsullarının da Azərbaycan vasitəsilə tranzit yolu ilə dünya bazarlarına daşınması üçün münbit şərait yaradacaqdır.

Həmçinin hazırda Azərbaycan Cənub Qaz Dəhlizini (SGC) təşkil edən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və bu yaxınlarda tikintisi başa çatdırılmış Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Bütün bunları nəzərə alsaq, yaxın gələcəkdə Türkmənistan qazı və neftinin də Azərbaycan üzərindən beynəlxalq neft və qaz kəmərləri vasitəsilə Avropaya nəqli gerçəkləşə bilər.

İndiyədək öz enerji resurslarının ixracını Rusiya, İran və Çin üzərindən həyata keçirən Türkmənistan üçün bu cür alternativ və iqtisadi cəhətdən sərfəli ixrac marşrutu cəlbedici xüsusiyyətə malikdir.

Bu, eyni zamanda, Türkmənistanla bərabər, digər Mərkəzi Asiya dövlətlərinin, xüsusilə Qazaxıstan və Özbəkistanın öz enerji ixracının şaxələndirilməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan isə nəqliyyat-tranzit ölkə kimi öz önəmini artırmaqla geosiyasi mövqeyini daha da möhkəmləndirmiş olacaqdır.

Həmçinin mövcud Anlaşma Orta Asiyanın enerji resurslarının Avropa bazarına çıxışının təmin olunması üçün Transxəzər boru kəmərinin tikintisinin reallaşdırılmasını da yenidən gündəmə gətirir.

Bu isə bölgənin enerji xəritəsində yeni ciddi dəyişikliklərə, böyük investisiya axınına, region ölkələrinin iqtisadi durumunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Bu baxımdan “Dostluq” yatağı nəinki Azərbaycan və Türkmənistanın, ümumilikdə bölgənin gələcək inkişafı üçün böyük perspektivlər vəd edir.

Məlumdur ki, respublikamız Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri olmuşdur. Belə ki, sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılması və hər bir tərəfi qəne edə biləcək şəkildə ümumi razılığın əldə olunması üçün göstərilən ciddi səylər nəticəsində 29 noyabr 2001-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında” Saziş, 23 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” Saziş və 14 may 2003-cü ildə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında” Sazişin imzalanmasına nail olunmuşdur. Eyni zamanda, Xəzəryanı dövlətlər arasında çoxtərəfli birgə işin, qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır.

Bu mənada, imzalanmış növbəti sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi kimi sahil ölkələri üçün bütün məsələlərin məhz qarşılıqlı anlaşma, dialoq və işbirliyi yolu ilə həll oluna biləcəyini bir daha sübut edir. Bu baxımdan məlum anlaşma gələcəkdə hər iki ölkə arasında mövcud əməkdaşlıq və qarşılıqlı etimad mühitinin artması fonunda Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi üzrə aparılacaq dialoq və əməkdaşlığa da öz töhfəsini verəcəyinə ümidləri artırır. Eyni zamanda, bu əməkdaşlıq Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında aktiv iştirakını da gerçəkləşdirə bilər. Bu isə öz növbəsində ümumtürk dünyasına yeni birlik qazandıracaqdır.

Beləliklə, Anlaşma Memorandumunun imzalanması iki ölkəni bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, ümumilikdə bütün Türk dünyasına yeni imkanlar açacaq, türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə, bölgənin ümumi rifahı və sabitliyinə yeni fayda qatacaqdır.

Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmiz XXI əsrdə geosiyasi mövqeyinə və geostrateji gücünə görə ən mühüm dövlətlərdən birinə çevrilməkdədir.

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin Elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: