Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.03.2021 12:03
  • A-
  • A
  • A+

“Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatı baş tutub

“Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatı baş tutub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüf əsərləri)” kitabının təqdimatı keçirilib.

Tədbirdə Özbəkistan və Əfqanıstanın Azərbaycandakı səfirləri də iştirak ediblər.

Mərasimi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müəssisənin tarixi və ənənələri haqqında məlumat verib. Özbəkistanla əlaqələrə toxunan akademik iki özbək doktorantın Ədəbiyyat İnstitutunda təhsil aldığını bildirib. Həmçinin Əfqanıstan səfirinin ilk dəfə institutda qonaq olduğunu, bundan sonra daha sıx əlaqələrin qurulacağını vurğulayıb.

O, Almaz Ülvi Binnətovanın “Sənətkarın elmi pasportu” seriyası çərçivəsində çap olunan “Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatını Əlişir Nəvai tədbirlərinin bir parçası adlandırıb: “Almaz Ülvi Azərbaycan-Özbəkistan arasında körpülərin möhkəmləndirilməsində böyük əməyi olan ziyalılarımızdan biridir. 20-dən çox kitabı işıq üzü görən Almaz Ülvinin bu kitabı Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Əlişir Nəvainin şeirləri daha çox araşdırılıb. Almaz Ülvi ilk dəfə onun nəsrini ətraflı şəkildə tədqiq edib”.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Bəhram Əşrəfxanov çıxış edərək bildirib ki, görkəmli mütəfəkkir şair, dövlət xadimi Əlişir Nəvai Azərbaycanda böyük diqqət və qayğı ilə tədqiq edilir: “Buna görə qardaş Azərbaycana təşəkkür edirik. AMEA-nın Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzi yaradılıb. Bu dəstək üçün həm akademik İsa Həbibbəyliyə, həm də professor Almaz Ülviyə minnətdarıq”.

Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun da təqdimatda çıxış edib. Ölkəmizə ötən ilin noyabrında gəldiyini deyən səfir həmin dövrün Azərbaycan torpaqlarının işğalının yekununa təsadüf etdiyini söyləyib: “Biz əfqan xalqı olaraq həmin qələbəyə çox sevindik. Keçən ay da sizlərlə birlikdə konfranslara qatılmaqdan məmnun oldum. Təqdimatına toplaşdığımız bu kitab əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Almaz Ülvi kitabı ərsəyə gətirmək üçün Əfqanıstanda da araşdırmalar aparıb”.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə bu kitabın ədəbiyyatşünaslığımız üçün böyük hadisə olduğunu söyləyib: “Əlişir Nəvainin 32 əsəri var. Onlardan 16-sı nəzmlə, 16-sı nəsrlə yazılıb. Bu kitabda onun nəsri əhatəli şəkildə öyrənilib”.

Tədbirə Özbəkistandan və Türkiyədən olan bir sıra alimlər onlayn qatılıblar. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirojiddinov, türkiyəli professor Tanju Seyhan, Səmərqənd Dövlət Xarici Dillər Universitetinin Yaxın Şərq dilləri kafedrasının professoru Diloram Salahi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Özbəkistan EA Özbək dili, Ədəbiyyatı və Folklor İnstitutunun aparıcı elmi işçisi Maqsud Əsədov, “Əlişir Nəvai Fondu”nun rəhbəri Uluqbəy Səttarov, azərbaycanlı alimlərdən isə filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Ataəmi Mirzəyev təqdimatı keçirilən kitabla bağlı müxtəlif mövzularda məruzə ediblər.

Sonda müəllif, institutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi çıxış edərək təqdimatın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: