Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 yaşı tamam olur
25.03.2021 11:38
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 yaşı tamam olur

Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 yaşı tamam olur. Tofiq müəllimi tələbəlik illərindən tanıdığımızdan, onun intellektual səviyyəsinə və insani keyfiyyətlərinə yaxından bələd olduğumuzdan bu xoş günlərində dostumuzu ürəkdən təbrik etməyi və geniş ictimaiyyətə təqdim etməyi özümüzə borc bilirik.

Tofiq Abbasəli oğlu Əliyev 1951-ci il mart ayının 25-də Naxçıvan MR, Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olmuşdur. 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlamışdır. Lakin o vaxtlar Azərbaycan KP Naxçıvan vilayət və şəhər təşkilatlarında məsul vəzifələrdə çalışmış atası Abbasəli Əliyevin 1961-ci ildə avtomobil qəzası nəticəsində vaxtsız (38 yaşında!) vəfatından sonra o, təhsilini Naxçıvan şəhər internat məktəbində davam etdirmişdir. 1968-ci ildə həmin məktəbi gümüş medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləmiş, 1974-cü ildən isə taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlamışdır. O, burada baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində, 1999-cu ildən 2019-cu ilin oktyabr ayınadək isə Kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2019-cu ilin oktyabr ayında AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutuna direktor vəzifəsinə təyin olunmuşdur və hazırda həmin vəzifədə çalışır.

Tofiq Əliyev 1988-ci ildə Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Fiziki-kimya” ixtisası üzrə “İkifazalı karbohidrogen – elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi” mövzusunda fəlsəfə, 2011-ci ildə isə Bakı Dövlət Universitetində “Fiziki-kimya” və “Neft kimyası” ixtisasları üzrə “Feollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Tofiq Əliyevin elmi fəaliyyəti böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələ ilə - neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi ilə bağlıdır. Apardığı sistemli tədqiqatlar nəticəsində o, aqressiv mühitlərdə müxtəlif polad nümunələrini korroziyadan qorumaq üçün yüksək effektli inhibitorlar təklif etmişdir. Bu inhibitorların mühüm üstünlüyü həm də ondan ibarətdir ki, onlar yüksək effektivli inhibitor təsirinə malik olmaqla yanaşı, bir sıra əlavə faydalı xassələrə də, məsələn, antiabraziv, bakterisid, antioksidləşdirici və s. təsirə malik olub, İKSQ-1, PİKON, AEF və s. bu kimi sənaye inhibitorlarını, Don-2, Neftexim-3, Dodiqon-1807 və s. kimi sənaye bakterisidlərini üstələyir və ya onlarla eyni səviyyədə dururlar. Mütəxəssislər həmin birləşmələrin neft-qaz sənayesində neft və qaz kondensatının çıxarılması, ilkin emalı, saxlanılması və nəqli mərhələlərində, eləcə də metalların turşularla emalı prosesində kompleks mübarizə vasitəsi kimi istifadə edilməsini tövsiyə etmişlər. Onu da qeyd edək ki, müxtəlif qruplardan olan inhibitor xassəli birləşmələrin quruluşu ilə effektivliyi arasındakı asılılıqla bağlı Tofiq müəllimin müəyyən etdiyi qanunauyğunluqlar korroziyadan inhibitor mühafizəsi nəzəriyyəsinə ciddi töhfədir.

Tofiq Əliyevin tədqiqatlarının nəticələri 150-dən artıq elmi və elmi metodik əsərlərdə, o cümlədən 5 kitabda (1 dərslik və 4 dərs vəsaiti), 1 dərs proqramında, 3 müəlliflik şəhadətnaməsi və patentdə, həmçinin çoxsaylı məqalə və tezislərdə öz əksini tapmışdır. Elmi məqalələrinin bir çoxu “Clarivate Analytics” bazasına daxil olan beynəlxalq jurnallarda, eləcə də respublikamızda nəşr olunan elmi jurnallarda dərc edilmiş və tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilmişdir. O, dəfələrlə Rusiya, Ukrayna və Türkiyədə keçirilən beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil etmişdir.

Tofiq Əliyev Təbii Ehtiyatlar İnstitutuna rəhbərlik etdiyi qısa dövr ərzində elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirməklə yanaşı, özünü bacarıqlı elm təşkilatçısı kimi də göstərə bilmişdir. Naxçıvan MR ərazisində geniş ehtiyatları olan təbii sərvətlərin, mineralların araşdırılması və tətbiqi sahəsində fəaliyyəti və faydalı məsləhətləri ilə də institut əməkdaşlarına yaxından köməklik göstərir.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı, Tofiq Əliyev müxtəlif vaxtlarda “Şərq qapısı”, “Nuh Yurdu”, “İki Sahil” qəzetlərində günün aktual məsələlərinə, o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunmuş bir sıra məqalələrlə çıxış etmişdir. O, mütəmadi olaraq Naxçıvan televiziyasında görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, eləcə də digər aktual problemlərə həsr olunan verilişlərdə maraqlı çıxışlar edir. Bununla yanaşı, qardaş Türkiyənin bəzi qəzetlərində və televiziya kanallarında onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumatlar verilmişdir.

Tofiq Əliyev elm və təhsil sahəsində uğurlarına görə, Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O, Azərbaycan Respublikası müəllimlərinin 2013-cü ildə keçirilmiş 14-cü qurultayının nümayəndəsi olmuş, müxtəlif dövrlərdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif edilmiş, 2008-ci ildə universitet üzrə keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.

Tofiq müəllim səmimi və etibarlı dostdur, gözəl ailə başçısıdır, xalqına, vətəninə, dövlətinə dərindən bağlı bir insandır. Məlum Dağlıq Qarabağ hadisələrinin başlanğıcında Azərbaycanın informasiya blokadasına alındığı vaxtlar onun keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yaşayan həmkarlarına və digər tanışlarına problemlə bağlı materiallar göndərməklə Azərbaycan həqiqətlərini yayması yaxşı xatirimizdədir.

İstedadına və iş qabiliyyətinə yaxşı bələd olduğumuza görə heç şübhə etmirik ki, Tofiq müəllim bundan sonra da bizi yeni-yeni uğurları ilə sevindirəcəkdir.

Əziz dost! Səni yubileyin münasibətilə ürəkdən təbrik edir, uzun, sağlam ömür və yeni-yeni uğurlar arzulayırıq.

Məhəmməd BABANLI, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü

Hikmət İBRAHİMOV, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, t.e.d., professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: