Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq hüququn böhranı məsələsi ciddi araşdırılmalıdır
09.04.2021 12:20
  • A-
  • A
  • A+

Beynəlxalq hüququn böhranı məsələsi ciddi araşdırılmalıdır

2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın beynəlxalq hüquqi normalara zidd davranışının məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında bu faktı dəfələrlə vurğulayıb: “Bu günlər ərzində biz bir daha əmin olduq ki, Ermənistan işğal etdiyi əraziləri öz xoşuyla tərk etməyəcək. Azərbaycan döyüş meydanında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini faktiki olaraq tək başına yerinə yetirir...”

Müharibə bitdikdən sonra işğaldan azad olunan ərazilərin bərpası və dirçəldilməsinə dair layihələrin həyata keçirilməsi ilə yanaşı baş verən proseslərin elmi cəhətdən araşdırılması sahəsində də müvafiq tədbirlər görülür, konfrans və seminarlar təşkil olunur, məqalələr yazılır və s. Belə tədbirlərdən biri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suxumi Dövlət Universitetinin (Gürcüstan) birgə təşkilatçılığı ilə keçirilən “İkinci Qarabağ Vətən müharibəsinin siyasi və hüquqi nəticələri” mövzusunda beynəlxalq veb-konfransdır.

 Onlayn tədbirdə AMEA-nı Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə təmsil edib. Veb-konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti, siyasi elmlər doktoru, professor Zurab Xonelidze, Rusiya Federasiyasının birinci dərəcəli Dövlət müşaviri, siyasi elmlər doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Tatyana Poloskova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix elmləri doktoru Fərid Şəfiyev, “Şərq-Qərb” Beynəlxalq Geosiyasi Proqnozlaşdırma Mərkəzinin prezidenti, Siyasi Tədqiqatlar Assosiasiyasının direktoru (Nur-Sultan şəhəri), siyasi elmlər doktoru, professor Karlıqaş Nuğmanova, Suxumi Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Quram Marxulia, Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko, Slaptai.lt saytının (Litva) redaktoru Qintaras Visotskas və digər alim və tədqiqatçılar məruzələrlə çıxış ediblər.

Beynəlxalq onlayn-tədbirin materialları nəşr edilib. Layihənin rəhbəri və nəşrin elmi redaktoru professor Namiq Əliyevdir. Topluda “İkinci Qarabağ Vətən müharibəsi ermənilərə öz dövlətlərini qurmaq üçün verilən növbəti şansdır”, “İkinci Qarabağ müharibəsinin yekunlarının geosiyasi nəticələri”, “Cənubi Qafqaz: çağırışlar və perspektivlər”, “Qarabağ müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası”, “İşğal olunmuş Azərbaycan ərazilərini öz əlində saxlamaq üçün Ermənistanın istifadə etdiyi dezinformasiya”, “Ermənistan Respublikasının öz hərbçilərinin cinayətlərinə görə məsuliyyəti”, “Dağlıq Qarabağ: haqsız tarix və ədalətli azadlıq müharibəsi”, “Azərbaycanın qələbəsi və Ermənistan Respublikasının kapitulyasiyasını əks etdirən üçtərəfli bəyanatın hüquqi qiymətləndirilməsi”, “İrəvanın provokasiyaları və Litva” sərlövhəli yazılar yer alıb. Bundan əlavə, konfrans materiallarında dünyanın müasir siyasi sistemində identiklik konfliktləri, Ermənistan cəmiyyətində revanşizm ideyası, Azərbaycanın ərazi bütövlüyünün qorunmasının bəzi siyasi və hüquqi aspektləri, ərazi münaqişələri ilə bağlı məsələlər üzrə beynəlxalq sənədlər, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi hərbi cinayətlər və digər aktual məsələlərə həsr olunmuş məqalələr öz əksini tapıb.

“Azərbaycanın Vətən müharibəsi beynəlxalq hüququn böhranı kontekstində” adlı məruzəsində professor Aytən Mustafazadə təəssüflə bildirib ki, 44 gün ərzində beynəlxalq təşkilatlar özlərinin qəbul etdikləri hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulmasına göz yumub. Dövlət başçısı İlham Əliyevin öz çıxışlarında bunu dəfələrlə vurğuladığını qeyd edən alim konfrans iştirakçılarına AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “44 günlük diplomatiya dərsləri” kitabını da təqdim edib. Kitabda Azərbaycan Respublikası Prezidentinin dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr yer alır.

Postkonflikt dövrünün müzakirəsi və təhlili zamanı Azərbaycanın yenidən bir sıra ölkələri, hətta kontinentləri birləşdirən qlobal geosiyasi layihələrin təşəbbüskarına çevrildiyini bildirən Aytən Mustafazadə bu halda dünya birliyinin ölkəmizə qarşı nümayiş etdirdiyi “dinləməmək” mövqeyini sındırmağa nail olduğumuzu əlavə edib. İnstitut direktoru həmçinin qeyd edib ki, Ermənistanın siyasi dairələri tərəfindən, habelə Rusiya, ABŞ, Fransa və digər ölkələrdən səsləndirilən revanşizm çağırışları qonşu ölkədə müharibədən sonrakı dövrdə müşahidə etdiyimiz böhranı aradan qaldıra bilmir: “Bu gün gələcəkdə sülh şəraitində birgə yaşayışa yeni baxış formalaşmaqdadır. Ölkə gələcəyə doğru irəliləməlidir. Ən azından Azərbaycan regionda sülh şəraitində yaşamaq, rifah və sabitliyin bərqərar olması üçün şərait yaradır”.

Azərbaycan daxilində və Azərbaycan tərəfindən beynəlxalq məkanda aparılan siyasətin əsasını həmrəylik prinsipinin təşkil etdiyini bildirən alim vurğulayıb ki, qlobal forum və baş assambleyaların çağırılmasının təşəbbüskarı olan Prezident İlham Əliyev öz çıxışlarında həm münaqişəli məsələlərin həllində, həm də vaksinasiya prosesi zamanı ədalət və bərabərlik prinsiplərinə əməl olunmasının zəruriliyinə diqqəti yönəldir: “Ölkə başçısı dəfələrlə kasıb və inkişafda olan ölkələrə qarşı diskriminasiya hallarının müşahidə olunduğunu dilə gətirir. Bu fakt yaranmış vəziyyətdə bütün ölkələrlə həmrəy olduğumuzun əyani göstəricisidir”.

Beynəlxalq hüququn və beynəlxalq təşkilatların dərin böhran yaşadığını bir daha dilə gətirərək Aytən Mustafazadə qeyd edib ki, son onilliklərdə baş verən hadisələr həm BMT, həm digər beynəlxalq qurumların öz nizamnamələrinə, fəlsəfə və strategiyalarına əməl etmədiklərini sübut edir. Alim bu məsələnin ciddi tədqiq və təhlil olunmasının vacibliyini vurğulayıb.

Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: